Blog

Qəhvənin heyrətamiz növləri

2024-05-31 10:00

Bir çox insan kofenin ənənəvi dadına o qədər vərdiş edib ki, onun tam başqa dadda ola biləcəyini artıq təsəvvür edə bilmir. Diqqətinizə hər kəsin xoşladığı gümrahlandırıcı içki əsasında hazırlanmış bir neçə qeyri-adi içki növünü təqdim edirik. Tanış olduqdan sonra siz də onları hazırlamaq istəyəcəksiniz.

Laplandiya Üslubunda Kofe

Bu içki həm də "kofe və pendir" mənasını verən Kaffeost adlanır. İlk dəfə Finlandiyada hazırlanmışdır və indi skandinaviyalılar arasında ən məşhur kofelərdən biridir. Pendir burada təkcə qəlyanaltı kimi deyil, həm də içkinin əsas tərkib hissələrindən biri olaraq istifadə olunur.
Bu resept üçün yalnız maral südündən hazırlanan leipäjuusto pendiri (Laplandiya pendiri) istifadə olunur. Leipäjuuston əsas xüsusiyyətlərindən biri sobada və ya manqalda bişirilməsidir. Buna görə də pendirin üzərində qəhvəyi ləkələr olur. Kaffeost içməyin özünəməxsus qaydaları var: belə ki, əvvəlcə kofeni içmək, sonda isə fincanın dibindəki pendiri yemək lazımdır. Pendirin mayeni absorbsiya etmə xüsusiyyəti sayəsində, o kofenin zəngin dadını özünə hopdurur və içkiyə əlavə eksklüziv ləzzət qatır.
Avolatte

Bu içki qeyri-adi qabda təqdim edilən ənənəvi lattedir. Burada avokado fincan əvəzinə istifadə olunur. Bunun üçün avokado əvvəlcə yarıya bölünür, çəyirdəyi çıxarılır və lətli hissəsi təmizlənir. Avolatte, Melburndakı Truman kafesində bir baristanın eksperimenti nəticəsində ərsəyə gəlib. Belə ki, avokadoda latte əvvəlcə zarafatla təqdim edilmişdir, lakin insanlar bu ideyanı o qədər bəyəndilər ki, içki bir çox Avstraliya kafelərində təklif olunmağa başladı. Avolatte, ətraf mühiti çirkləndirən birdəfəlik stəkanlardan imtina etməyi müdafiə edən "My cup, please" ("Mənim fincanım, zəhmət olmasa") hərəkatının üzvləri tərəfindən xüsusilə yüksək qiymətləndirilib.

Yeri gəlmişkən, avstraliyalılar kofeni servis etmək üçün başqa bir orijinal üsul da tapıblar. Bu dəfə onlar yerkökü istifadə etdilər. Sidneydə bu içkini satan barista etiraf edir ki, belə bir "qabdan" latte içmək, əlbəttə ki, olduqca narahatdır, lakin ziyarətçilər şikayət etmirlər - ideyanı çox bəyənirlər.
Yumurtalı kofe

Yumurtalı Vyetnam kofesi 1946-cı ildə baş aşpaz Nguyen Van Giang tərəfindən hazırlanmışdır. O, kapuçinonun milli versiyasını hazırlamaq istəyirdi. Buna görə də, çırpılmış südü əvəz etməsi və saxlanması daha asan olan başqa bir inqrediyentlə əvəz etməyi düşünürdü. Nəticədə Nguyen Vyetnamda o qədər məşhur olan qatılaşdırılmış südü çırpılmış yumurta sarısıyla əvəz etməyi qərara aldı.

"Vyetnam kapuçinosu", "Stakanda tiramisu" və "isti dondurma" kimi bir neçə adı olan "Yumurtalı Vyetnam" kofesi, adətən isti içilir. Bu içki qaynar su ilə piyala/kasada və ya altı şamla qızdırılan marmit qablarda servis edilir. İçkinin qeyri-adi dadı var, çünki o həm kofenin acılığını, həm qatılaşdırılmış südün şirin qaymaqlı notunu, həm də yumurta sarısının qatılığını özündə birləşdirir. Əgər Vyetnamda kofe içməyi planlaşdırırsınızsa, menyuda "Cà Phê Trứng" adını axtarın.
Kərə Yağı ilə Kofe

Kərə yağı əlavə edilmiş kofeyə "Yağlı kofe" deyilir. Şəkər əlavə olunmadığı halda bu növ kofedə yağ yüksək, karbohidratlar isə az miqdarda olur. Bu içki Tibet, Şimali Hindistan, Vyetnam və Sinqapurda içilir.

Tibetlilər içkini "Po cha", sinqapurlular isə “Cənubi okean kofesi” mənasını verən "Nanyang kopi" adlandırırlar. Kərə yağı ilə kofe hazırlamaq üçün sadəcə filtr kofeyə kərə yağı əlavə edib blenderdən keçirmək lazımdır. Emulsiya konsistensiyalı bir içki alındığı üçün yağ üza çıxmır və yağlı örtük/təbəqə əmələ gəlmir. Hazır kofe qatı və köpüklüdür, görünüşü lattəni xatırladır.

Qeyd edək ki, az karbohidrat, çox yağ ehtiva edən keto pəhrizi saxlayan insanlar arasında yağlı kofe çox məşhurdur. Ümumiyyətlə, hesab edilir ki, kofein və yağ tandemi insanı gün ərzində enerji ilə təmin edir, yaddaş və konsentrasiyanı yaxşılaşdırır.

Kömür Lattesi

Fitnes klublarının daimi üzvləri kofein və L-karnitinin xüsusiyyətlərini yaxşı bilirlər. Belə ki, kofein məşq zamanı normal şərtlərdə olduğu kimi karbohidrat ehtiyatlarının deyil, ilk növbədə bədənin yağ ehtiyatlarının yanmasına kömək edir. L-karnitin isə lipid turşularının əzələ hüceyrələrinə daxil olmasını təmin etməkdən məsuldur. L-karnitinin konsentrasiyası artarsa, lipid mübadiləsi sürətlənəcək və yağ depoları daha tez əriyəcək.

Bəs bu sevimli gümrahlandırıcı içki ilə L-karnitin arasında nə kimi əlaqə var? Məsələ ondadır ki, Cənubi Koreyada kofeyə L-karnitin əlavə edərək kofesevərlərə zövq və faydanı eyni anda bəxş etməyi qərara aldılar. Bundan sonra Seul kafelərinin menyusunda kömür qarası Dabang adlı qara kokteyl yer almağa başladı. Dadı klassik lattəni xatırladır.

Bu orijinal çaların səbəbi içkiyə əlavə edilmiş aktivləşdirilmiş kömürün olmasıdır. Bacarıqlı koreyalılar düşündülər ki, bu kofe yalnız sürətli yağ yandırmaqla məhdudlaşmamalı, həm də bədəndən toksinləri çıxaran təsirli absorbent ehtiva etməlidir.